ENG

AZƏRBAYCANIN DAHİ ALİMLƏRİ

 

Qeyd: Siyahı daim yenilənəcəkdir. Siyahının ardıcıllığı əlifba sırasına müvafiqdir.


aliyeva_zerife

Əliyeva Zərifə – Azərbaycan SSR-nın əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki. 1947-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri (1982-1985) vəzifələrində çalışmışdır. 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Akademik Zərifə Əliyeva Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, "Vestnik oftalmoloqu" (Moskva) jurnalı redaksiya heyətinin üzvü idi. Yüksək elmi nailiyyətlərinə görə SSRİ Tibb Elmlər Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüşdür (1981).


alizade_akif

Əlizadə Akif – Azərbaycanın görkəmli geoloq alimi, əməkdar elm xadimi, Azərbaycan Dövlət Mükafatı Laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti; Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının üzvü; Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının sədri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının üzvüdür. Əlizadə Akif 25 fevral 1934-cü ildə tanınmış Azərbaycan həkimləri Ağamehdi və Əfşan xanım Əlizadələr ailəsində anadan olmuşdur. O, 1960-cı ildən Ümumittifaq paleontoloji cəmiyyətin üzvü, Qafqaz regional stratiqrafik komissiyanın sədri, SSRİ EA biosfera problemləri üzrə elmi şuranın üzvüdür. Geologiya İnstitutu Akif Əlizadənin rəhbərliyi dövründə (əvvəl 1970-ci ildən direktor müavini, 1976-cı ildən isə direktor kimi) Azərbaycan EA sistemində aparıcı elmi mərkəzlərindən birinə çevrilmişdir.


imanquliyeva_aida

İmanquliyeva Aida – şərqşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1987). Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb şöbəsində təhsil almışdır (1957-1962). Moskvada SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda ərəb filologiyası üzrə aspiranturanı bitirib (1966), Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda kiçik elmi işçi, sonra baş elmi işçi (1966-1976), ərəb filologiyası şöbəsinin müdiri (1976-1988), elmi işlər üzrə direktor müavini (1988-1991), həmin institutda direktor vəzifəsində çalışmışdır (1991-ci ildən).Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun nəşr etdirdiyi "Ərəb filologiyası məsələləri" məcmuəsinin tərtibçisi və redaktoru olmuşdur. Ümumittifaq Şərqşünaslar Cəmiyyəti Rəyasət Heyətinin üzvü (1987) və cəmiyyətin Azərbaycan bölməsi sədrinin müavini olmuşdur (1983-cü ildən).


landau_lev

Landau Lev – (rus. Лев Дави́дович Ланда́у; 22.01.1908 – 01.04.1968) – nəzəri fizikanın bir çox sahələrinə fundamental elmi töhfələr bəxş etmiş Sovet fiziki. Landau 1908-ci ilin 22 yanvar tarixində Bakıda yəhudi ailəsində anadan olmuşdur (atası David Lvoviç Landau, anası Lyubov Venyaminovna Qarkavi). Onun elmi nailiyyətləri arasında kvant mexanikasında sıxlıq matrisi metodunun kəşfi, diamaqnetizmin kvant nəzəriyyəsi, ifrat axıcılıq nəzəriyyəsi, ikinci növ faza keçidləri, ifrat keçiriciliyin Qinzburq – Landau nəzəriyyəsi, plazma fizikasında Landau sönməsinin izahı, kvant elektrodinamikasında Landau qütbü, və iki-komponentli neytrinoların nəzəriyyəsi misal göstərilə bilər. Landau ifrataxıcılığın riyazi nəzəriyyəsinin kəşfinə görə 1962-ci ildə fizika üzrə Nobel mükafatına layiq görülmüşdür.


lutfi_zade

Lütfi Zadə – (əsl adı Lütfəli Rəhim oğlu Əsgərzadə) – azərbaycanlı alim, süni intelellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru. O bu ali təhsil müəssisəsinin ömürlük professoru seçilmiş yeganə şəxsdir. Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədridir. Onlarla xarici dövlət və ictimai təşkilatların fəxri doktorudur. Lütfi Zadə dünyada əsərlərinə ən çox istinad edilən alimlərdən sayılır. Təkcə 1990-2000-ci illərdə onun əsərlərinə 36000-dən çox istinad edilmişdir. Kaliforniyanın Berkli şəhərində "İnformasiya Texnologiyaları üzrə Zadə İnstitutu" yaradılmışdır. Lütfi Zadə Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun “İnformasiya texnologiyaları problemləri” və “İnformasiya cəmiyyəti problemləri” jurnallarının fəxri baş redaktorudur. Lütfi Zadə Avrasiya Akademiyasının qurucu üzvlərinin biridir.


mehdiyev_ramiz

Mehdiyev Ramiz – Azərbaycanın siyasi xadimi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri (1995-ci ildən), Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyasının prezidenti, AMEA-nın həqiqi üzvü; Azərbaycan Respublikasının Həqiqi Dövlət müşaviri. 1988-ci ildən Azərbaycan Elmlər Akademiyasının İctimai-Siyasi Tədqiqatlar və İnformasiya İnstitutunun şöbə müdiri təyin olunub. 1994-cü ildə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev tərəfindən Prezidentin İcra Aparatının şöbə müdiri vəzifəsinə, 1995-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsinə təyin edilib. 1980-1990-cı illərdə iki çağırış Azərbaycan Ali Sovetinin deputatı, 1995-ci ildə isə Azərbaycan Milli Məclisinin üzvü seçilib. “Qırmızı Əmək Bayrağı” ordeni və 2008-ci ildə “İstiqlal” ordeni ilə təltif edilib. 2001-ci ildə Nyu-York Elmlər Akademiyasının üzvü seçilib. 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib.


memmedeliyev_yusif

Məmmədəliyev Yusif – Azərbaycan-sovet kimyaçı alimi, kimya elmləri doktoru, professor, Azərbaycan SSR EA akademiki və prezidenti, SSRİ EA müxbir üzvü. SSRİ Dövlət mükafatı laureatı (1946). Yusif Məmmədəliyev Naxçıvan MR-in Ordubad şəhərində anadan olmuşdur. Yusif Məmmədəliyev 1926-cı ildə V.İ.Lenin adına Azərbaycan Ali Pedaqoji İnstitutunu bitirdikdən bir qədər sonra, 1928-1929-cu illərdə İrəvan Azərbaycanlı Pedaqoji Texnikumunda və fəhlə fakültəsində müəllim işləmişdir. O, İrəvan azərbaycanlılarının ictimai həyatında da fəal iştirak etmişdir. Y.Məmmədəliyev həmin dövrdə Ermənistanda azlıqda qalan millətlərlə iş komissiyasının üzvü olmuş, kütlənin hüquqi vəziyyəti, gənclərin, xüsusən də qızların təhsilə cəlb edilməsi ilə əlaqədar mətbuat səhifələrində çıxış etmişdir.


mirzecanzade_azad

Mirzəcanzadə Azad – (29.09.1928, Bakı - 17.07.2006, Bakı) – Azərbaycan alimi, texniki elmlər doktoru, akademik. Azad Mirzəcanzadə 1928-ci il sentyabrın 29-da Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra ali təhsilini 1944-1949-cu illərdə Azərbaycan Sənaye İnstitutunun neft-mədən fakültəsində almış və dağ mühəndisi ixtisasına yiyələnmişdir. 1951-ci ildə texnika elmləri üzrə namizədlik, 1957-ci ildə doktorluq dissertasiyaları müdafiə etmişdir. 1959-cu ildə professor adını almış, 1962-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1968-ci ildə isə həqiqi üzvü seçilmişdir. 1992-2001-ci illərdə Azərbaycan Ali Attestasiya Komissiyasının sədri olmuş, 1993-2001-ci illərdə Dövlət Elm və Texnika Komitəsinə rəhbərlik etmişdir. Azad Xəlil oğlu Mirzəcanzadə 2006-cı il iyulun 17-də, 78 yaşında vəfat etmişdir.


muradov_nazim

Muradov Nazim – Mərkəzi Florida Universitetinin Florida Günəş Enerjisi Mərkəzinin aparıcı elmi işçilərindəndir.  O, Neft  və Kimya İnstitutunda  (Bakı, Azərbaycan) bakalavr, daha sonra isə Neft-kimya mühəndisliyi sahəsində magistr təhsili almışdır. Fəlsəfə elmləri doktoru (Kinetika və kataliz)  və Elmlər doktoru (Fiziki kimya)  dərəcələrinə sahibdir. (Kimyəvi Fizika İnstitutu, Moskva, Rusiya). Dr. Muradovun əsas tədqiqat sahələrinə hidrogen əldə edilməsinin termokatalitik və fotokatalitik sistemləri, günəş enerjisiylə işləyən su parçalanması sistemləri, hidrogen sensorlar, qalıq yanacağın dekarbonizasiyası, qabaqcıl bioyanacaqlar, təhlükəli tullantıların radiasion detoksikasiyası və nanostrukturlu karbon materialları daxildir. http://www.fsec.ucf.edu/people/bios/Muradov.htm 


pashayev_arif

Paşayev Arif – Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının Ekspert Şurasının, Tbilisi Texniki Universitetində Ərazi Şurasının üzvü, AMEA-da cihazqayırma üzrə Elmi Şuranın sədri, "Azərbaycan Hava Yolları" Dövlət Konserni Milli Aviasiya Akademiyasının rektorudur. Akademik 300-ə yaxın elmi əsərin, 15-dən artıq kitabın və monoqrafiyanın müəllifidir. Alim 30-dan çox ixtiraya görə müəlliflik şəhadətnaməsi və sənaye nümunələri almış, medallar və diplomlarla təltif olunmuşdur. O Azərbaycan Respublikasının Dövlət mükafatına, "SSRİ-nin ixtiraçısı" medalına, akademik Y.Məmmədəliyev adına medala və İngiİtərə Beynəlxalq Bioqrafiya Mərkəzinin qızıl medalına layiq görülmüşdür. "VEKTOR" - Beynəlxalq Elm Mərkəzi Mükafat Komissiyasının qərarı ilə "Azərbaycanın tanınmış alimləri" beynəlxalq layihəsinin qalibi olmuş və "XXI əsrin tanınmış alimi" beynəlxalq diplomu ilə təltif edilmişdir. Akademik Arif Paşayev 2004-cü il fevralın 15-də "Şöhrət ordeni"nə layiq görülmüşdür.


nesireddin_tusi

Nəsirəddin Tusi – (tam adı: Xacə Nəsirəddin Əbu Cəfər Məhəmməd ibn Məhəmməd ibn Həsən Tusi) – Fars və ya azərbaycanlı filosof, astronom, riyaziyyatçı, tarixçi, maliyyəçi, ilahiyyatçı və hüquqşünas, dövlət xadimi. Alimin yaradıcılığı ensiklopedik səciyyə daşıyır. Marağada yaşamış və fəaliyyət göstərmişdir. Məhəmməd ibn Həsən ət-Tusi 1201-ci il cümə günü 17 fevralda Tus şəhərində anadan olmuşdur.Bəzi mənbələrdə qeyd edilir ki, onun əsli Zəncanla Həmədan arasında yerləşən Savə şəhərindəndir, Tusda doğulduğu üçün Tusi nisbəsi ilə tanınmışdır. İlk təhsilini atasından almış, sonra Həmədan və Tus şəhərlərində dövrünün tanınmış alimlərinin – İbn Sinavə Bəhmənyarın davamçılarının yanında təhsil görmüşdür.


 

HİKMƏTLİ SÖZLƏR