”Gənc alimlər və maliyyə savadlılığı” birgə mükafat müsabiqəsi elan edilib

305
A A A
Fevral 02 2017

Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Almaniya Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondu 2 Fevral – Gənclər Günündə “Gənc alimlər və maliyyə savadlılığı” birgə mükafat müsabiqəsi elan edib. Müsabiqə elan olunarkən Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”, xüsusən sənədin “İstehlakçıların maliyyə savadlılığının artırılması və hüquqlarının müdafiəsinin gücləndirilməsi” bölməsində qarşıya qoyulan vəzifələr əsas götürülüb.

Elmin İnkişafı Fondunun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müsabiqənin məqsədi Azərbaycanda bankçılıq sisteminin inkişafına dəstək göstərilməsi, ölkədə iqtisadi və maliyyə savadlılığının artması, maliyyə savadlılığının ictimai dəyər kimi tanınması və insanların davranışlarında müvafiq dəyişiklik yaratmaqdır. Eyni zamanda, mövzu üzrə ixtisaslaşmış fəal gənc alim və mütəxəssislər tərəfindən müsabiqə müddətində yazılmış orijinal məqalələrin və onların aprobasiyasının qiymətləndirilməsi, mükafatlandırılması və elmi fəaliyyətinin stimullaşdırılmasıdır.

Müsabiqə aşağıdakı prioritet mövzular üzrə keçirilir:

- Maliyyə savadlılığı və onun effektiv tədrisi yolları;
- Gənclərin maliyyə maarifləndirilməsi üçün model və yanaşmalar;
- Maliyyə maarifləndirilməsinin insanların maliyyə davranışlarına təsiri.

Maliyyə savadlılığı sahəsində dərc olunmuş və qalib olaraq seçilmiş ən yaxşı elmi işlərin diplom və pulla mükafatlandırılması nəzərdə tutulur. Birinci yer üçün 1500 manat (1 mükafat), ikinci yer üçün 1000 manat (2 mükafat), üçüncü yer üçün 500 manat (3 mükafat) mükafat müəyyənləşdirilib.

Müsabiqədə müvafiq sahədə ali təhsilli (azı magistr dərəcəsinə malik), mövzu üzrə ixtisaslaşmış 35 yaşınadək alim və mütəxəssislər bərabər əsaslarla, şəffaflıq qorunmaqla iştirak edə bilərlər. Təşkilatçıların nümayəndələri müsabiqəyə buraxılmır.

Məqalələr Azərbaycan, ingilis və rus dillərində, bir və ya bir neçə müəllif tərəfindən (o cümlədən, xarici həmkarlarla birlikdə) yazıla bilər. Eyni müəllif, yaxud həmmüəlliflər tərəfindən müsabiqəyə yalnız bir iş təqdim edilə bilər. Tezis şəklində çap olunmuş elmi işlər müsabiqədə iştirak edə bilməz.

Məqalənin sonunda (və ya əvvəlində) aşağıdakı qeyd verilməlidir: “Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Almaniya Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondunun “Gənc alimlər və maliyyə savadlılığı” birgə mükafat müsabiqəsinə təqdim etmək üçün dərc olunur”.

Məqalələr yerli və xarici nəşrlərdə dərc oluna bilər. Nəşrlər sırasına sırf elmi jurnallarla yanaşı, xüsusi bülletenlər, ixtisaslaşmış dərgilər, universitet və sahə elmi-tədqiqat institutlarının xəbərləri və topluları və s. daxildir.

Qaliblərin seçilməsi prosesində müsabiqə təşkilatçıları tərəfindən yaradılmış birgə komissiyanın üzvləri, maliyyə və iqtisadiyyat üzrə tanınmış mütəxəssislər, Elmin İnkişafı Fondunun müstəqil ekspertləri də iştirak edəcəklər. Müsabiqəyə təqdim olunmuş məqalələrin mövzusu üzrə 2017-ci ilin fevral-aprel aylarında elmi-kütləvi formada aşağıdakı yollarla aprobasiya keçirilməli və bu haqda müvafiq materiallar müsabiqəyə təqdim olunmalıdır:

- Yığıncaq və seminarlarda, ictimaiyyətlə görüşlərdə, geniş auditoriyalarda çıxışlar;
- Elmi-kütləvi çıxışlar;
- Televiziya, radio, internet TV-lərdə çıxışlar;
- KİV-lərdə müsahibələr, yazılar.

Aprobasiya, təbliğat işində müsabiqə təşkilatçıları yaxından iştirak edəcək, müvafiq şərait yaradılmasına mümkün kömək göstərəcəklər. Müsabiqəyə sənədlər 2017-ci il fevralın 12-dən başlayaraq qəbul olunacaq. Sənədlərin son qəbul günü aprelin 25-i saat 17:00-dəkdir. Nəticələr 2017-ci il may ayının ilk ongünlüyündə açıqlanacaq.

Müsabiqədə iştirak üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

- Ərizə;
- Dərc olunmuş məqalə (əsli və surəti);
- Məqalənin nəşri ilə bağlı internet linkləri;
- Müsabiqədə iştirak edən müəllif və hər bir həmmüəllif haqqında peşəkar CV və onların təmsil etdikləri qurum haqqında qısa məlumat;
- Elmi fəaliyyət haqqında arayış və son 5 ildə dərc olunmuş elmi əsərlərin siyahısı (hər bir müəllif/həmmüəllif tərəfindən yazılır);
- Məqaləyə olan istinadlar (elektron linklər, surətlər);
- Məqalənin nəticələrinin müzakirə və ya məruzə olunduğu elmi nəşr və tədbirlər (aprobasiya) haqqında ətraflı məlumat;
- Müəllifin (həmmüəllifin) şəxsiyyət vəsiqəsinin surəti.

Sənədlərin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində iddiaçılara kömək və sualların cavablandırılması məqsədilə Elmin İnkişafı Fondunda və Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzində məsləhət seminarları keçiriləcək.

Təşkilatçılar haqqında

Azərbaycan Respublikasının Mərkəzi Bankı 2010-cu ildən “Maliyyə savadlılığı” üzrə layihənin icrasına start verib. Layihənin əsas məqsədlərdən biri maliyyə və iqtisadi savadlılığın ictimai dəyər kimi tanıdılması, əsas hədəf qrupları məktəblilər, geniş ictimaiyyət, iqtisadiyyat üzrə ixtisaslaşan jurnalistlər, bank işçiləri, bank işi üzrə təhsil alan tələbələr və başqalarıdır.

Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzi maliyyə savadlılığı sahəsində Almaniya Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondu (SBFİC) ilə əməkdaşlıq barədə razılıq əldə edib. SBFİC ilə əməkdaşlıq ölkəmizin gələcək nəslinin erkən yaşlarda iqtisadiyyat və maliyyə biliklərinə yiyələnməsinə və ölkə əhalisinin maliyyə savadlılığının səviyyəsinin yüksəldilməsinə xidmət edir.

Elmin İnkişafı Fondu fəaliyyətə başladığı ilk gündən etibarən qrant müsabiqələri yolu ilə ölkədə elmin inkişafını çevik şəkildə dəstəkləmək, Azərbaycanda əldə olunan elmi nəticələri ölkə hüdudlarından kənarda tanıtmaq, elmi təşkilat və qurumlarda elmi tədqiqatlarla bağlı maddi-texniki cihaz və avadanlıq bazasını ən müasir səviyyədə yeniləmək və gücləndirmək, eyni zamanda, gənc kadr hazırlığına xüsusi diqqət yetirmək və digər bu kimi məsələlərin həllini əsas məqsəd kimi müəyyənləşdirib. Fond ölkədə elmin inkişafına əlavə və effektiv stimul, çeviklik, yeni yanaşma gətirən bir qurum kimi öz layihələri ilə akademik və təhsil sistemlərində və digər qurumlarda çalışan gənc alimlərin bir araya gəlməsinə və əməkdaşlıq etməsinə xüsusi şərait yaradır.

 

Mənbə: AZƏRTAC

Link: cbar.az

 

HİKMƏTLİ SÖZLƏR