ENG

Elmin İnkişafı Fondu “Elm-Təhsil İnteqrasiyası” məqsədli qrant müsabiqəsinin nəticələrini elan edib

6538
A A A
İyun 08 2018

 QALİB LAYİHƏLƏRİN SİYAHISI


Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (bundan sonra: “Elmin İnkişafı Fondu” adlandırılacaq) təşkil edərək keçirdiyi müxtəlif qrant müsabiqələrində Azərbaycan Milli Elmlər Akademiyasından, ali təhsil müəssisələrindən, nazirliklərin nəzdində fəaliyyət göstərən elmi-tədqiqat institutlarından, dövlət qurumlarından, qeyri-hökumət təşkilatlarından, elm ilə əlaqəli digər qurumlardan alim və mütəxəssislər qrupu, həmçinin fərdi şəkildə alimlər (fiziki şəxslər) bərabər əsaslarla və şəffaflıq şəraitində iştirak edirlər. Bu qurumları təmsil edən alim və mütəxəssislərdən təşkil edilmiş müvəqqəti yaradıcı kollektivlərin təqdim etdikləri qrant layihələrinə isə müsabiqələr zamanı, bir qayda olaraq, üstünlük verilir.

Akademik və təhsil müəssisələri Elmin İnkişafı Fondunun qrant müsabiqələrində kifayət qədər fəal iştirak edirlər. 2010-2018-ci illərdə Elmin İnkişafı Fondu tərəfindən təşkil edilərək keçirilmiş 32 müxtəlif xarakterli müsabiqənin nəticələrinin statistik analizi göstərir ki, 565 qalib qrant layihəsinin 354-nün (ümumi sayın 62.65%-ni, onlara ayrılan maliyyə həcmi isə ümumi maliyyələşdirilmənin 72.52%-ni təşkil edir) rəhbərləri akademik qurumları, 155-nin (ümumi sayın 27.43%-ni, onlara ayrılan maliyyə həcmi isə ümumi maliyyələşdirilmənin 18.98%-ni təşkil edir) rəhbərləri isə 21 təhsil müəssisəsini (18 universitet, 2 təhsil akademiyası və 1 lisey olmaqla) təmsil edirlər. Adıçəkilən 565 layihə üzrə rəhbər və icraçıların ümumi sayının 66.57%-i (1685 nəfər) akademik, 21.97%-i (556 nəfər) isə ali təhsil qurumlarına aiddir. Təhsil müəssisələri üzrə bu rəqəmlərin dinamikasında nəzərəçarpacaq artım hiss olunur. Elmin İnkişafı Fondu tərəfindən ötən illərdə keçirilmiş “Universitet qrantı” müsabiqəsinin nəticələri də kifayət qədər effektiv olub.

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, elmi tədqiqatların qrantlar yolu ilə maliyyələşdirilməsinin effektivliyi nəzərə alınmaqla, ölkənin akademik qurumları və ali təhsil müəssisələrində aparılan təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental, tətbiqi və innovasiya xarakterli, əhəmiyyətli elmi araşdırma və tədqiqatların daha da yüksək səviyyədə və koordinasiya olunmuş şəkildə dəstəklənməsinə, elmi fəaliyyətin stimullaşdırılması və alimlərə əlavə yaradıcılıq imkanı yaradılmasına yönəlmiş layihələrin qrantlar yolu ilə, bir elmi mövzu (problem) ətrafında müvəqqəti yaradılmış və akademik və ali təhsil qurumlarından olan alimlərin yaradıcı kollektivlər şəklində maliyyələşdirilməsi məqsədi ilə, Fondun Himayədarlar Şurası, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə razılaşdırmaqla, elmi prioritetlərə uyğun olaraq keçirdiyi “Elm-Təhsil İnteqrasiyası” müsabiqəsinin (EİF/MQM/Elm-Təhsil-1-2016-1(26)) nəticələrini elan edib.

Elmin İnkişafı Fondu birinci “Elm-Təhsil İnteqrasiyası” qrant müsabiqəsinin keçirilməsi haqqında qərarını 2016-cı il 28 dekabr tarixində internet səhifəsində və kütləvi informasiya vasitələrində elan edib. Qrant layihələri 2017-ci il 05 yanvar – 28 fevral tarixləri arasında müsabiqəyə daxil olub. Bu müddət ərzində Elmin İnkişafı Fondunun icraçı direksiyası qrant iddiaçılarına kömək məqsədilə 8 məsləhət seminarı təşkil edib, telefon və elektron-poçt vasitəsilə olan müraciətlərə cavab verib, ortaya çıxan suallara aydınlıq gətirib.

“Elm-Təhsil İnteqrasiyası” qrant müsabiqəsi akademik və ali təhsil sistemindəki elmi-tədqiqat müəssisələri, institut və laboratoriyaları, bölmə və mərkəzləri və digər uyğun strukturların elmi fəaliyyətini stimullaşdırmaq, modern elmi cihaz, avadanlıq və qurğularla təminatını təkmilləşdirmək, elmin ayrıca götürülmüş sahə və istiqamətlərinin davamlı inkişafını əlavə olaraq dəstəkləmək, kadr hazırlığını təmin etmək üçün akademik və ali təhsil qurumlarından olan alimlərin müvəqqəti yaradılmış elmi-yaradıcı kollektivləri tərəfindən təqdim edilmiş fundamental və tətbiqi xarakterli layihələrin müxtəlif maliyyə həcmli qrantlar (hər layihə üçün 100 min manatadək) verilməsi yolu ilə maliyyələşdirilməsi məqsədi ilə keçirilib. Bu tip layihələrin qrantlar yolu ilə maliyyələşdirilməsində əsas məqsəd müxtəlif elm sahələrində yerinə yetirilən elmi-tədqiqat işlərinin (xüsusi olaraq, multidissiplinar araşdırmaların) dəstəklənməsi, qısa müddət ərzində rəqabət apara biləcək elmi nəticələrin alınmasına əlavə şərait yaradılmasıdır.

Yuxarıda göstərilən müddət ərzində müsabiqəyə Azərbaycan tərəfindən 138 layihə daxil olub. Layihələr müsabiqəyə əsasən ənənəvi qaydada, həmçinin Elmin İnkişafı Fondunun yaratdığı innovativ texnologiya olan “e-QRANT” = “Qrant layihələrinin Elektron İdarəolunması Sistemi” vasitəsilə də təqdim edilib.  

Layihələrin texniki ekspertizası işi təşkil olunub, müsabiqə qaydaları və tələblərinə cavab verməyən 4 layihə texniki ekspertiza mərhələsindən keçməyib, 133 layihə isə elmi ekspertiza mərhələsinə buraxılıb. Elmi ekspertiza işinə Elmin İnkişafı Fondunun daimi ekspertləri və müstəqil elmi ekspertlər cəlb olunublar. Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Təhsil Nazirliyi müsabiqənin keçirilməsinə təşkilati dəstək göstərmişdir.

Elmin İnkişafı Fondunun icraçı direksiyası, daimi və müstəqil elmi ekspertlər təqdim olunmuş layihələrin cari müsabiqənin elmi prioritetlərinə uyğunluq dərəcəsini müəyyənləşdirib, beynəlxalq “peer-review” və “merit review” meyarları ilə qiymətləndirmə aparıb, layihələrin elmi səviyyəsini, onların yerinə yetirilməsi imkanlarını və potensialını, gözlənilən elmi nəticələrini, mümkün tətbiq ehtimalını ekspertiza qaydalarına uyğun olaraq xüsusi sistem üzrə qiymətləndirib, həmçinin maliyyələşdirilmənin məqsədəuyğunluğu və həcmi barədə Elmin İnkişafı Fondunun Himayədarlar Şurası üçün rəylər və arayışlar hazırlayıb.

Elmin İnkişafı Fondunun icraçı direksiyasının, daimi və müstəqil elmi ekspertlərin hər bir layihə üzrə hazırladığı və statistik məlumatların daxil olduğu yekun sənədlər toplusuna Elmin İnkişafı Fondunun Himayədarlar Şurası tərəfindən baxılıb, ekspertiza qaydalarına uyğun olaraq layihələrin yekun toplanmış ballara görə sıralanmış siyahısı və maliyyələşdirilmə həcmi barədə tövsiyələr müzakirə olunub və yekun qərar qəbul edilib.

“Elm haqqında” Azərbaycan Respublikasının Qanununda (maddə 3) göstərilmiş prioritetlər üzrə təqdim edilmiş, multidissiplinar tədqiqatlar üzrə təqdim olunmuş, tətbiqi xarakterli, ən müxtəlif akademik və təhsil qurumlarından olan alim və mütəxəssislər tərəfindən yerinə yetirilməsi planlaşdırılan eyni tədqiqat mövzuları üzrə təqdim olunmuş, beynəlxalq əməkdaşlıq çərçivəsində yerinə yetirilməsi planlaşdırılan, gənclərin və regionlardan olan alim və mütəxəssislərin iştirak etdiyi layihələrə elmi ekspertizanın nəticələri əsasında seçim zamanı üstünlük verilib.

“Elm-Təhsil İnteqrasiyası” qrant müsabiqəsi çərçivəsində 69 fundamental-tətbiqi xarakterli və 2 xüsusi qalib layihə müəyyənləşdirilib (siyahı əlavə olunur) və Elmin İnkişafı Fondunun müvafiq Qərarı ilə təsdiq olunub. Uğur dərəcəsi (daxil olan və qalib olan layihələrin sayı üzrə) kifayət qədər yüksək - 51.45% olub. Fizika-riyaziyyat və texnika elmləri üzrə 21, kimya elmləri üzrə 11, Yer haqqında elmlər üzrə 9, biologiya, tibb və aqrar elmləri üzrə 11, humanitar və ictimai elmlər üzrə isə 17 layihə qalib olub. Layihələrin maliyyələşdirilmə həcmi 25-95 min manat arasında dəyişir.

Cari müsabiqə üzrə ümumi maliyyələşdirilmə həcmi 4 milyon 090 min manat olub.

70 layihənin icra müddəti 1 il, 1 layihənin icra müddəti isə 2 ildir. Layihələr akademik və ali təhsil müəssisəsindən olan 2 rəhbərlə (əsas rəhbər və həm-rəhbər) təmsil olunur və müsabiqədə iştirak edən müvəqqəti yaradıcı kollektivin formalaşdırılmasında akademik və təhsil qurumlarında olan alimlərin sayında paritet gözlənilib. Rəhbər və həm-rəhbərlər sırasında 109 nəfər kişi, 31 nəfər isə qadın vardır.

Layihələr AMEA Fizika, Radiasiya Problemləri, Riyaziyyat və Mexanika, İdarəetmə Sistemləri, İnformasiya Texnologiyaları, Kataliz və Qeyri-üzvi Kimya, Neft-Kimya Prosesləri, Polimer Materialları, Geologiya və Geofizika, Coğrafiya, Neft və Qaz, Aşqarlar Kimyası, Molekulyar Biologiya və Biotexnologiyalar, Mikrobiologiya, Zoologiya, Genetik Ehtiyatlar, Torpaqşünaslıq və Aqrokimya, Memarlıq və İncəsənət, Folklor, Ədəbiyyat, Qafqazşünaslıq, Dilçilik, Şərqşünaslıq, Fəlsəfə, Tarix, Hüquq və İnsan Haqları, İqtisadiyyat institutlarında, İşlər İdarəsinin 1 və 3 nömrəli Laboratoriyaları, Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutu, Milli Azərbaycan Tarixi Muzeyində, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, AR Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Hərbi Akademiyası, Azərbaycan Universiteti, Azərbaycan Texniki Universiteti, Sumqayıt Dövlət Universiteti, Milli Aviasiya Akademiyası, Naxçıvan Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Xəzər Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, ADA Universiteti , AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Turizm və Menecment Universitetində, Azərbaycan Dillər Universiteti, Lənkəran Dövlət Universiteti, AR Səhiyyə Nazirliyinin Azərbaycan Dövlət Həkimləri  Təkmilləşdirmə İnstitutunda, həmçinin AR Müəllif Hüquqları Agentliyində yerinə yetiriləcəkdir.

Qalib layihələr 2018-ci ilin 2-ci yarısından başlayaraq maliyyələşdiriləcək.

Qarşıdan gələn günlərdə qalib layihə rəhbəri və icraçıları ilə Elmin İnkişafı Fondunun təqdimat xarakterli ənənəvi görüşü keçiriləcək.

Müsabiqənin nəticələri ilə www.sdf.gov.az internet səhifəsində tanış olmaq olar.

 

Elmin İnkişafı Fondunun mətbuat xidməti


QALİB LAYİHƏLƏRİN SİYAHISI

 

 

HİKMƏTLİ SÖZLƏR