ENG

Gənclər və İdman Nazirliyi ilə Elmin İnkişafı Fondu əməkdaşlıq edəcək

231
A A A
May 22 2017

Mayın 22-də Bakıda Gənclər və İdman Nazirliyi (GİN) ilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) arasında 35 yaşadək gənc alimlərin qrantlar yolu ilə birgə dəstəklənməsi haqqında protokol imzalanıb.

AZƏRTAC xəbər verir ki, protokolu gənclər və idman naziri Azad Rəhimov və EİF-in icraçı direktoru Elçin Babayev imzalayıblar.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı və bu Proqramın həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq tərəflər arasında imzalanmış protokola əsasən, Gənclər və İdman Nazirliyi və EİF 2017-ci ildə gənc alim və mütəxəssislərin dördüncü xüsusi (“Mənim ilk qrantım”) birgə qrant müsabiqəsini keçirəcək.

Qrant müsabiqəsi Azərbaycanda təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət daşıyan fundamental, tətbiqi və innovasiya xarakterli elmi-tədqiqat proqram və layihələrini, eləcə də digər elmi tədbirləri dəstəkləmək məqsədilə təşkil olunur.

EİF tərəfindən gənc alim və mütəxəssislər üçün keçirilmiş üç qrant müsabiqəsində 74 layihə dəstəklənib, tədqiqatların həyata keçirilməsi üçün 1 milyon 470 min manat vəsait ayrılıb. İmzalanmış protokol növbəti müsabiqənin keçirilməsində Gənclər və İdman Nazirliyinin payçı qismində iştirakını müəyyənləşdirəcək.

Tərəflər müsabiqənin keçirilməsinə maliyyə və təşkilati dəstək göstərəcək, qalib qrant layihələrinin rəhbərləri ilə təqdimat xarakterli görüşlər təşkil olunacaq, yerinə yetirilən qrant layihələrinin vaxtaşırı monitorinqində və qiymətləndirilməsində iştirak edəcək, birgə qrant müsabiqəsi ilə bağlı məlumatları internet səhifələrində və KİV-lərdə müntəzəm işıqlandıracaq.

 

Mənbə: AZƏRTAC

Əlavə link: Gənclər və İdman Nazirliyi

 

HİKMƏTLİ SÖZLƏR