ENG

“Gənc alimlər və maliyyə savadlılığı” müsabiqəsinin qalibləri mükafatlandırılıb

999
A A A
İyul 13 2017

İyulun 13-də Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, Mərkəzi Bank və Almaniya Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondunun 2 Fevral – Gənclər Günü münasibətilə elan etdikləri “Gənc alimlər və maliyyə savadlılığı” birgə mükafat müsabiqəsinin nəticələri açıqlanıb.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar keçirilən tədbirdə Elmin İnkişafı Fondunun (EİF) icraçı direktoru Elçin Babayev müsabiqə barədə məlumat verib. Bildirib ki, müsabiqənin məqsədi Azərbaycanda bankçılıq sisteminin inkişafına dəstək göstərmək, ölkədə iqtisadi və maliyyə savadlılığını artırmaq, maliyyə savadlılığını ictimai dəyər kimi tanıtmaq və insanların davranışlarında müvafiq dəyişiklik yaratmaqdır. Eyni zamanda, mövzu üzrə ixtisaslaşmış fəal gənc alim və mütəxəssislər tərəfindən müsabiqə müddətində yazılmış orijinal məqalələrin və onların aprobasiyasının qiymətləndirilməsi, mükafatlandırılması və elmi fəaliyyətinin stimullaşdırılmasıdır.

Ölkəmizdə innovasiyalı inkişaf istiqamətində uğurla həyata keçirilən işlərdən söz açan E.Babayev deyib: ”Respublikamızda elmi tədqiqatlar istiqamətində inkişaf bütün sahələrdə özünü büruzə verir. Bu tərəqqinin əsas tərkib hissəsi gənc alimlərin dəstəklənməsi və onların potensialından maksimum dərəcədə ölkənin inkişafında istifadə edilməsidir. Bu istiqamətdə hər il ölkədə müxtəlif sərəncam və qərarlar imzalanır ki, bunların əsasında gənclərin elmi potensialından istifadə olunması üçün müxtəlif tədbirlər həyata keçirilir. Elmin İnkişafı Fondu da hər zaman gənc alimlərin fəaliyyətini dəstəkləyir. Bu istiqamətdə gənc alimlərin maliyyə cəhətdən dəstəklənməsini xüsusi qeyd etmək lazımdır. Elmin İnkişafı Fondu, eyni zamanda, digər qurumlarla sıx əməkdaşlıq edir. Məqsədimiz qüvvələri və səylərimizi birləşdirərək daha yaxşı nəticələrə nail olmaqdır”.

Mərkəzi Bankın tədqiqatlar departamentinin direktoru Asif Qasımov, Almaniya Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondunun Azərbaycanda rəhbəri Eduard Şmitt, UNEC-in rektoru, professor Ədalət Muradov, AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov ölkəmizdə maliyyə savadlılığının artırılmasında, gənc alimlərin potensialından istifadə olunmasında müsabiqənin əhəmiyyətini qeyd edib, onun elmin inkişafına müsbət töhfə verəcəyinə əminliklərini bildiriblər.

Sonra müsabiqədə qalib seçilən ən yaxşı elmi işlərin müəlliflərinə üç nominasiya üzrə diplom və pul mükafatları təqdim olunub.

Mənbə: AZƏRTAC

Əlavə linklər: Trend.az, Report.az, Lent.az, AMEA

 

HİKMƏTLİ SÖZLƏR