ENG

Kosmik havanın cari vəziyyəti ilə bağlı mətbuat konfransı keçirilib

208
A A A
Oktyabr 26 2017

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elçin Babayev kosmik hava, Günəşdə baş verən proseslər, geomaqnit qasırğası ilə bağlı mətbuat konfransı keçirib.

E.Babayev bildirib ki, oktyabrın 24-də axşama doğru və oktyabrın 25-də günorta ərəfəsində G1 kateqoriyalı geomaqnit qasırğası baş verib. O, şkala üzrə maksimumu G5 olan bu cür təbiət hadisəsinin nadir hallarda, 11 illik Günəş tsikli ərzində 1-2 dəfə baş verdiyini diqqətə çatdırıb. 

Alim qeyd edib ki, Yerdə baş vermiş cari geomaqnit qasırğası mütəmadi təkrarlanan orta səviyyəli təbiət hadisələrdən biridir. Bu qasırğalar müəyyən insanların sağlamlığına mənfi təsir edə bilər. Ümumilikdə isə, insan orqanizmi meteroloji şərait kimi, kosmik hava şəraitinin dəyişməsinə də uyğunlaşıb.

"Bu dəfəki geomaqnit həyəcanlaşmasının əsas səbəbi Günəş səthində hazırda mövcud olan növbəti böyük ölçülü “tac dəliyi”ndən başlanğıcını götürən yüksək sürətli Günəş plazma küləyinin təsiridir" - deyən E.Babayev “Tac dəlikləri”ndən yüklü plazma zərrəciklərin Günəş tacını asanlıqla tərk etdiyini və yüksək sürətlə planetlərarası fəzaya, o cümlədən də, Yer planetinə doğru yönəldiyini bildirib.

E.Babayev deyib ki, bir neçə gün əvvələdək Günəşin səthində ləkələr müşahidə olunmayıb. Artıq bu ləkələr Günəşin səthində yenidən müşahidə olunmağa başlayıb və onların sayı hazırda 23-dür. Adətən Günəş ləkələrinin yaxınlığında alışma və bundan sonra tac plazma kütləsinin atılması halları qeydə alınır. Bu hal da geomaqnit qasırğalarının yaranmasına səbəb olur.

Mənbə: AMEA

 

HİKMƏTLİ SÖZLƏR