ENG

Kosmos üzrə beynəlxalq məktəb öz işini yekunlaşdırıb

171
A A A
Oktyabr 12 2018

17:15

8 oktyabr tarixində Bakı şəhərində başlamış “Kosmik Hava və Qlobal Naviqasiya Peyk Sistemləri” (The International Space Weather Initiative (ISWI) School on Space Weather (SW) and Global Navigation Satellite Systems (GNSS)) üzrə Beynəlxalq Məktəb öz işini 12 oktyabrda yekunlaşdırıb. Azərbaycan da daxil olmaqla Avropa, Asiya və Afrikanın 23 ölkəsindən olan gənc alim və doktorantların iştirak etdiyi Məktəbin mühazirəçiləri nüfuzlu alimlər olub. Tədbirdə NASA, Boston Kolleci, Boulder Atmosfer Tədqiqatları Milli Mərkəzindən, Amerika Katolik Universitetindən, Massaçutes Texnologiya İnstitutunun Haystak Rəsədxanasından (ABŞ),  Avstriya, İtaliya, Fransa, Xorvatiya, Rusiya, İngiltərə, Avropa Komissiyasından, həmçinin Azərbaycanın akademik və təhsil qurumlarından (akademik R.Z.Saqdeyev, Milli Aviasiya Akademiyası, Şamaxı Astrofizika Rəsədxanası, “AzərKosmos” ASC və b.) tanınmış alim və mütəxəssislər plenar və öyrədici məruzələrlə çıxış ediblər. Tədbir çərçivəsində Məktəb iştirakçıları “Azərkosmos” ASC, AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası və Milli Aviasiya Akademiyasında da olub, elmi-təcrübə sessiyalarında iştirak ediblər.

Qeyd olunmalıdır ki, tədbirin əsas təşkilatçıları Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası olub.

Tədbirin həm-təşkilatçıları Birləşmiş Millətlər Təşkilatının (BMT) Vyanadakı Kosmik Məsələlər üzrə İdarəsinin (UNOOSA) nəzdində Qlobal Naviqasiya Peyk Sistemləri (GNSS) üzrə Beynəlxalq Komitəsi (ICG), Elm üzrə Beynəlxalq Şuranın nəzdində (İCSU) Günəş-Yer Əlaqələrinin Fizikası üzrə Beynəlxalq Elmi Komitə (SCOSTEP), Beynəlxalq “Kosmik Hava Təşəbbüsü” Proqramı, “Azərkosmos” ASC və Milli Aviasiya Akademiyası olub. “Azərsun Holdinq” və Tusi-Bohm Planetarium tədbirin yerli sponsorları olub.

“Pullman Bakı” hotelində keçirilmiş bağlanış tədbirində Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, Birləşmiş Millətlər Təşkilatının (BMT) Vyanadakı Kosmik Məsələlər üzrə İdarəsinin (UNOOSA) proqram rəhbəri Şərafət Qədimova, NASA-nın Qoddard Kosmik Uçuş Mərkəzinin aparıcı alimi, Elm üzrə Beynəlxalq Şuranın (İCSU) nəzdində Günəş-Yer Əlaqələrinin Fizikası üzrə Beynəlxalq Elmi Komitənin (SCOSTEP) prezidenti və Beynəlxalq Kosmik Hava Təşəbbüsü Proqramının icraçı direktoru Nat Gopalswamy və ABŞ Boston Kollecinin Elmi-Tədqiqat İnstitutunun direktoru Patriciya Doherti çıxış ediblər. Ümumi müzakirə və qiymətləndirmələrdən sonra iştirakçılara sertifikatlar və hədiyyələr təqdim olunub, Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəqs ansamblının ifaçılarının konserti baş tutub.

Beynəlxalq Məktəb kosmos və əlaqəli elmlər sahəsində yerli və xarici kadr hazırlığı, yeni elmi əlaqələrin qurulması, beynəlxalq əməkdaşlıq, həmçinin Azərbaycanın elmi potensialı və mədəniyyətinin dünyaya tanıdılması işinə böyük töhfə verib.

HİKMƏTLİ SÖZLƏR