ENG

EİF “Davamlı sağlamlıq turizminin ölkənin iqtisadiyyatında rolu” mövzusunda beynəxalq konfrans keçirib

1376
A A A
Dekabr 10 2018

17:00

Dekabrın 10-da Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən keçirilən “Davamlı sağlamlıq turizminin ölkənin iqtisadiyyatında rolu” mövzusunda Gənc alim və mütəxəssislərin beynəlxalq konfransı öz işinə başlayıb. 

Beynəlxalq konfrans Elmin İnkişafı Fondu və Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi Gənc alim və mütəxəssislərin 4-cü xüsusi – “Mənim ilk qrantım” müsabiqəsi çərçivəsində (Layihə rəhbəri: Ülviyyə Qəhrəmanlı, “Gənclər Turizmi” İB) keçirilir.

Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş konfransda Azərbaycanla yanaşı, 5 ölkənin (İran, Ukrayna, Gürcüstan, Türkiyə və Belarus) gənc mütəxəssisləri iştirak edir.

Konfransın keçirilməsində məqsəd sağlamlıq turizmi sahəsində fəaliyyət göstərən gənc alimləri, tədqiqatçıları bir araya gətirmək, onların təcrübələrini, yeni ideya və elmi nəticələrini bölüşmək üçün uyğun platforma təqdim etməkdir.

Tədbirin açılışında çıxış edən Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev ölkədə elmin inkişafı istiqamətində görülən işlər, Fond tərəfindən həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. Elçin Babayev vurğulayıb ki, bütün dünyada sağlamlıq turizminə maraq ildən-ilə artır. Azərbaycanın bu sahədə böyük potensialının olduğunu deyən icraçı direktor qeyd edib ki, sağlamlıq turizminə dair beynəlxalq təcrübənin və yeni yanaşmaların öyrənilməsi vacibdir. Dünya təcrübəsi ilə yanaşı, yerli özəlliklər də nəzərə alınmalıdır. Elçin Babayev sağlamlıq turizmi sahəsində fəaliyyət göstərən gənc alimlərin təcrübə mübadiləsinin faydalı olacağına əminliyini bildirib.

Konfransda həmçinin Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov, Azərbaycan Respublikası Gənclər və  İdman Nazirliyinin Elm və təhsil şöbəsinin Tələbə və tələbə təşkilatları ilə iş sektorunun müdiri Elşən Hüseynov, “Abşeron Otel Qrup”un Gəlirlər və Biznesin İdarə edilməsi üzrə qrup direktoru Bahar Qəniyeva, Layihə rəhbəri, “Gənclər Turizmi” İctimai Birliyinin sədri Ülviyyə Qəhrəmanlı, Azərbaycan Turizm və Menecment Universitetinin Turizm və Qonaqpərvərlik fakultəsinin dekanı Bahadur Bilalov, Türkiyənin SALUSS Sağlamlıq Turizmi Assosiasiyasından Selahittin Ay, “Millennium Tourism” şirkətinin baş icraçı direktoru və Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev çıxış ediblər.

Konfransda “Sağlamlıq turizmi qeyri-neft sektorunun inkişafında aparıcı istiqamət kimi”, “Dünyanın tibbi və sağlamlıq turizmi, sağlamlıq və müalicə turizmində yeni tendensiyalar”, “Sağlamlıq turizmində xəstəxana və mərkəzlərin rolu”, “Tibbi və sağlamlıq turizmi üçün təyinatlar”, “Sağlamlıq turizmində marketinq strategiyaları: uğur hekayələri”, “Sağlamlıq və müalicə turizmində insan resurslarının problemləri və imkanları”, “Qonaqpərvərlik sənayesində sağlamlıq və müalicə turizminin əhəmiyyəti” mövzularında müzakirələr dinləniləcək.  

Dekabrın 12-dək davam edəcək konfransın sonuncu günü gənc alimlər Naftalanda təcrübə keçəcəklər.

 

Elmin İnkişafı Fondunun mətbuat xidməti

HİKMƏTLİ SÖZLƏR