ENG

Elmin İnkişafı Fondu tərəfindən “Elmi-tədqiqat layihələri üzrə əsas qrant müsabiqəsi”-nin nəticələri açıqlanıb.

1219
A A A
Yanvar 29 2021

Elmin İnkişafı Fondu müxtəlif ölkələrdə fəaliyyət göstərən analoji qurumlarla (fondlarla, agentliklərlə, şuralar ilə) beynəlxalq əlaqələrini genişləndirir və birgə qrant müsabiqələri təşkil edərək keçirir.

Azərbaycan Respublikasında təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental, tətbiqi və axtarış-innovasiya xarakterli kompleks elmi-tədqiqat proqram və layihələrini dəstəkləmək, aktual və müasir elmi problemlərin həlli ilə məşğul olan alim və tədqiqatçıların, bir elmi mövzu (problem) ətrafında müvəqqəti yaradılmış yaradıcı kollektivlərin, akademik və təhsil sistemlərində fəaliyyət göstərən elmi və digər qurumların (dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının və s.) elmi fəaliyyətini stimullaşdırmaq və onlara əlavə yaradıcılıq imkanı yaratmaq nəzərdə tutulub. Elmi-tədqiqat layihələri üzrə əsas qrant müsabiqəsinin məqsədi isə “Elm haqqında” qanunda (maddə 3) göstərilmiş prioritetlər üzrə təqdim edilən layihələrin, eyni zamanda elmi-tədqiqat problemlərinin araşdırılmasına dair tədqiqatların maliyyələşdirilməsidir..

Müsabiqə çərçivəsində fundamental və tətbiqi xarakterli və 150 000 manatadək maliyyə həcmli layihələrin maliyyələşdirilməsi nəzərdə tutulmuşdur.

Müsabiqədə iştirak etmək üçün layihələr 2020-ci il 06 avqust – 18 sentyabr tarixləri arasında müsabiqəyə daxil olmuşdur. Müsabiqəyə layihələr Elmin İnkişafı Fondunun yaratdığı innovativ texnologiya olan “e- QRANT”- “Qrant layihələrinin Elektron İdarəolunması Sistemi” vasitəsilə təqdim edilmişdir.

Müsabiqədə AMEA təşkilatlarından, ali təhsil müəssisələrindən, nazirliklərin nəzdindəki elmi- tədqiqat qurumlarından alim və mütəxəssislər fərdi qaydada iştirak etmişlər. Sənədlərin qəbulu üçün nəzərdə tutulmuş müddətdə iddiaçılara kömək və sualların cavablandırılması məqsədilə Elmin İnkişafı Fondunda məsləhət vebinarları keçirilmişdir.

Elmin İnkişafı Fondu müsabiqəyə təqdim olunmuş layihələrin elmi ekspertizası işini təşkil etmişdir. Elmin İnkişafı Fondunun icraçı direksiyası, daimi və müstəqil elmi ekspertlər təqdim olunmuş layihələrin cari müsabiqənin elmi prioritetlərinə uyğunluq dərəcəsini müəyyənləşdirmiş, layihələrin elmi səviyyəsini, onların yerinə yetirilməsi imkanlarını və potensialını, gözlənilən elmi nəticələrini, mümkün tətbiq ehtimalını ekspertiza qaydalarına uyğun olaraq xüsusi sistem üzrə qiymətləndirmiş, həmçinin maliyyələşdirilmənin məqsədəuyğunluğu və həcmi barədə rəylər, arayışlar və tövsiyələr hazırlamışdır.

Elmi-tədqiqat layihələri üzrə əsas qrant müsabiqəsi üzrə 16 qalib layihə müəyyənləşdirilmişdir.

Multidissiplinar və tətbiqi xarakterli tədqiqatlara, müxtəlif akademik və təhsil qurumlarından, sahə elmi-tədqiqat institutlarından olan alim və mütəxəssislər tərəfindən yerinə yetirilməsi planlaşdırılan elmi-tədqiqat mövzuları üzrə təqdim olunmuş layihələrə elmi ekspertizanın nəticələri əsasında seçim zamanı üstünlük verilmişdir.

Müsabiqə üzrə qalib layihələr AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu, Fizika İnstitutu, akad.M.F.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, İnformasiya Texnologiyaları İnstitutu, akad. Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutu, Genetik Ehtiyatlar institutu, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Biofizika İnstitutu, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Bakı Dövlət Universiteti, ADA Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Milli Aviasiya Akademiyası, Azərbaycan Texniki Universiteti, Xəzər Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutu, Milli Nüvə Tədqiqat Mərkəzində yerinə yetiriləcəkdir. Qalib layihələrin hamısı fundamental-tətbiqi xarakterlidir.

8 layihə fizika-riyaziyyat və texnika elmləri üzrə, 3 layihə kimya elmləri üzrə, 1 layihə yer haqqında elmlər üzrə, 3 layihə biologiya, tibb və aqrar elmləri üzrə və 1 layihə humanitar və ictimai elmləri elmləri üzrə qalib olmuşdur. Qalib layihə rəhbərlərindən 3-ü qadındır.

Qalib layihələr 2021-ci ildən başlayaraq maliyyələşdiriləcəkdir.

Müsabiqənin nəticələri ilə www.sdf.gov.az internet səhifəsində tanış olmaq olar.

Elmin İnkişafı Fondunun mətbuat xidməti

HİKMƏTLİ SÖZLƏR