ENG

Azərbaycan və Rusiya elm fondları əməkdaşlığa başlayır

655
A A A
May 17 2016

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun beynəlxalq əlaqələrinin gücləndirilməsi, əməkdaşlıq haqqında Sazişin imzalanması, keçirilməsi planlaşdırılan birgə qrant müsabiqələrinin müzakirəsi innovasiya üzrə beynəlxalq forumda və bir sıra iclas və görüşlərdə iştirak etmək məqsədilə Fondun icraçı direktoru Elçin Babayev Azərbaycan nümayəndə heyətinin tərkibində 2016-cı il 15–18 may tarixlərində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində olub.

Moskva şəhərində 2016-cı il 16 may tarixində AMEA-nın prezidenti akademik Akif Əlizadənin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Dövlətlərarası təşkilat olan Beynəlxalq Elmi və Texniki İnformasiya Mərkəzində (BETİM) görüş keçirib. Görüşdə BETİM-nin baş direktoru Yevgeni Uqrinoviç rəhbərlik etdiyi mərkəzin Azərbaycan ilə elmi və texniki sahələrdə sıx əməkdaşlığında maraqlı olduğunu bildirib, informasiya mübadiləsi, elmi əlaqələrin yaradılması və digər istiqamətlərdə birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətindən danışıb. G.Uqrinoviç Azərbaycan alimlərinin məqalələrinin mərkəzin nəşr etdirdiyi “İnformasiya və İnnovasiya” jurnalında dərc olunmasını təklif edib, bunun Respublikada son illər əldə edilmiş elmi və texniki nailiyyətlər, innovasiya yenilikləri barədə məlumatların yayılması istiqamətində atılan daha bir addım olacağını vurğulayıb. Görüşdə Azərbaycanda elmin və təhsilin inkişafı sahəsində həyata keçirilən dövlət proqramları və layihələr, dünyanın bir çox elmi mərkəzləri ilə qurulan sıx əlaqələr barədə məlumat verilib. Həmin gün Azərbaycan nümayəndə heyətinin azərbaycanlı alimlər və Rusiyada təhsil alan azərbaycanlı gənc alim və tələbələrin bir qrupu ilə görüşü keçirilib. Görüşdə akademik Akif Əlizadə Azərbaycanda elm sahəsində həyata keçirilən yeniliklərdən, struktur dəyişikliklərindən danışıb, gənc alim və tələbələrin sualları cavablandırılıb. Elmin İnkişafı Fondu tərəfindən alim və tələbələrə Fondun nəşr etdirdiyi kitabların göndərilməsi razılaşdırılıb.

17 may tarixində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və federal dövlət büdcə təşkilatı “Rusiya Fundamental Tədqiqatlar Fondu” (RFTF) arasında əməkdaşlıq haqqında üçtərəfli Saziş AMEA-nın prezidenti akademik Akif Əlizadə, EİF-in icraçı direktoru Elçin Babayev və RFTF Şurasının sədri akademik Vladislav Pançenko tərəfindən imzalanıb. Mərasimdə EİF Himayədarlar Şurasının üzvü, AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyev, AMEA-nın Fizika-riyaziyyat və texnika elmləri Bölməsinin akademik-katibi, müxbir üzv Nazim Məmmədov, RFTF-nin rəsmiləri, KİV nümayəndələri, həmçinin Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Vüqar İmaməliyev də iştirak edib. RFTF-nin fəaliyyəti ilə tanışlıq baş tutub, keçirilməsi planlaşdırılan birgə qrant müsabiqəsi müzakirə edilib, müvafiq Protokol imzalanıb, fundamental elmlər sahəsində birgə fəaliyyətin, Rusiya ilə Azərbaycan arasında texnoloji, sosial-iqtisadi sahələrdə yeni layihələrin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.

18 may tarixində yeni yaradılmış Rusiya Elm Fondunda (REF) Baş direktor Aleksandr Xlunov ilə görüş baş tutub. REF Elmin İnkişafı Fondunun fəaliyyətinə xüsusi maraq göstərib və növbəti görüşün Bakı şəhərində keçirilməsi razılaşdırılıb. Həmin gün Q.V.Plexanov adına Rusiya İqtisadiyyat Universitetində keçirilmiş “Əqli mülkiyyət bazarı vasitəsilə innovativ inkişaf” mövzusunda 8-ci Beynəlxalq Forumun işində iştirak da baş tutub.

2016-cı ilin sonunadək EİF və Belarus RFTF-nin, həmçinin EİF və Rusiya FTF-nin birgə müsabiqəsinin elan edilməsi planlaşdırılır.

 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

Əlavə link: AZƏRTAC

Əlavə link: RFTF

 

HİKMƏTLİ SÖZLƏR