Elmin İnkişafı Fondunun ayırdığı vəsaitlərin necə xərclənməsi layihələr başa çatandan sonra məlum olacaq
Azərbaycanda neft gəlirlərinin əsas xərclənmə istiqamətlərindən biri qeyri-neft sektorunun inkişafıdır. Bir neçə dəfə bəyan edilib ki, dövlətin əsas məqsədlərindən biri "qara qızıl"dan gələn gəlirləri insan kapitalına çevirməkdir. Amma bunu reallaşdırmaq üçün konkret mexanizm olmalıdır. Hökumət bununla bağlı bir neçə istiqamət üzrə iş aparır. Məsələn, neftdən gələn gəlirlər hesabına hər il onlarla gənc dünyanın tanınmış universitetlərində təhsil almaq üçün xarici ölkələrə göndərilir.