22 il bundan əvvəl olduğu kimi, yenə də Şəhidlərin müqəddəs ruhu yad edilir. Bu bizim “Qan yaddaşımız”-ın şanlı bir qəhrəmanlıq səhifəsidir!

20  Yanvar  - Vətən  uğrunda  canlarından keçən şəhidlərini heç vaxt unutmayacaq Azərbaycan xalqının hüzn və şərəf günüdür. 22 il əvvəl  xalqımız Qırmızı İmperiyanın "Qızıl ordusu"nun, Sovet hərb maşınının xaincəsinə hücumuna  məruz qalmışdı.                                                

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı Sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Bu, insanlığa qarşı törədilən ən böyük vəhşilik idi.                                                                   

Silahsız insanları hədəfə alan bu Terror Maşını  uşaq, gənc, qoca, qadın deməyərək onları gülləbaran edir, tanklarla minik maşınlarına hücum edir, evlərə atəş açaraq dinc əhalini  məhv edirdi. Kütləvi terror nəticəsində  yüzlərlə günahsız vətəndaşın qətlə yetirilməsi və yaralanması totalitar  Sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Beynəlxalq birlik 1956-cı ilin Budapeşt, 1968-ci ilin Praqa, o cümlədən 1989-cu ilin Tbilisi, 1991-ci ilin Riqa və Vilnüs hadisələrinə müvafiq hüquqi qiymət verdiyi halda, 1990-cı ilin Yanvar hadisələri Moskvanın hanısısa ekstremist qüvvələri zərərsizləşdirmək və guya dinc əhalini qırğınlardan, xaosdan qorumaq üçün atdığı məcburi addım kimi tanındı.                                                                

O vaxt Azərbaycan xalqı adından Bakıdan verilən yeganə etiraz bəyanatı Şeyxülislam Allahşükür Paşazadə tərəfindən edilmişdi. SSRİ rəhbərliyinə, habelə BMT-yə, dünya dövlətlərinə ünvanlanan və kəskinliyi ilə seçilən bu bəyanatda 20 Yanvar faciəsinin törədilməsinə görə günahın bilavasitə Kremlin və M.Qorbaçovun üzərinə düşdüyü vurğulanırdı. Həmin günlər Azərbaycan xalqı adından ən ciddi bəyanatı isə Moskvada yaşayan Heydər Əliyev verdi. Mərhum Prezidentin Azərbaycanın Rusiyadakı daimi nümayəndəliyindən  verdiyi kəskin bəyanatlar xalqa mənəvi dəstək oldu. Bilavasitə imperiyanın mərkəzində, dünyanın onlarla KİV təmsilçisinin qarşısında verilən bu bəyanat böyük rezonans doğurdu.  Milyonlarla insan Bakıda  elan edilmiş komendant saatına baxmayaraq, küçələrə axışaraq   terrora öz etirazlarını bildirdilər.  Xalq Şəhidlərini  əlləri üstündə son mənzilə yola saldı. 

22 il bundan əvvəl olduğu kimi, yenə də Şəhidlərin müqəddəs ruhu yad edilir. Bu bizim “Qan yaddaşımız”-ın şanlı bir qəhrəmanlıq səhifəsidir ! 

2012-ci il 19 yanvar tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun kollektivi Qanlı Yanvar faciəsində şəhid olmuş qəhrəmanlarımızın əbədi  ruhunu  anmaq üçün Şəhidlər Xiyabanını ziyarət edəcəkdir. Fondun icraçı direksiyasında Şəhidləri anım mərasimi də keçiriləcəkdir.

Bakı ş.
17-01-2012

EİF-in kollektivi Şəhidlər Xiyabanında

Bakı ş.
19-01-2012

EİF-in icraçi direksiyasında anım mərasimi

Bakı ş.
19-01-2012

 


 

Prezident Administrasiyasi
Nazirler Kabineti

Rabita ve Informasiya Texnologiyaları Nazirliyi

statistics for vBulletin
2011 © Copyright: Science Development Foundation under the President of the Republic of Azerbaijan