ENG

Elmin İnkişafı Fondunun içraçı direksiyasında Xocalı faciəsinin 20 illiyi ilə əlaqədar “Ədalətsizliyə etiraz” adı altında anım tədbiri keçirilmişdir

Fevral 24 2012

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni vandalları tərəfindən Azərbaycan xalqına qarşı soyqırım törədilmiş, erməni separatçıları sovet ordusunun 366-cı motoatıcı alayının hərbi texnikasının iştirakı ilə Xocalı şəhərini işğal etmişlər. Xocalının zəbti zamanı 613 nəfər dinc əhali qəddarlıqla qətlə yetirilmiş, 1275 nəfər isə əsir götürülmüşdür.

“İnsanlığa qarşı” törədilmiş bu cinayətin səbəbkarları özlərini dünyaya "əzabkeş" kimi təqdim edən erməni millətçiləridir.

2008-ci ildən etibarən Heydər Əliyev Fondunun vitse-prezidenti xanım Leyla Əliyevanın təşəbbüsü ilə başlanan və “Xocalıya ədalət” devizi altında keçirilən Beynəlxalq maarifləndirmə kampaniyası dünya ictimaiyyətini 1992-ci il fevralın 26-da Ermənistanın quldur silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin yeddi minlik dinc əhalisinə qarşı törədilmiş misli görünməmiş soyqırım aktına siyasi-hüquqi qiymət verməyə çağırır.

“Xocalıya ədalət” kampaniyası çərçivəsində hər il Azərbaycanda və digər ölkələrdə tədbirlər keçirilir. Hazırda kampaniya  çərçivəsində dünya birliyini  Xocalı soyqırımına müvafiq qiymət verməyə çağıran ərizə-petisiya üçün imza toplamaq üzrə beynəlxalq aksiya davam edir.

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu da fevral ayının əvvəlindən etibarən bu aksiyaya qoşulmuş və  Fondun saytında (sdf.gov.az)  yerləşdirilmiş çağırışla elmi elitanı və saytın istifadəçilərini bu aksiyada iştirak etməyə, saytda yerləşdirilən  istinaddan istifadə etməklə,  Xocalı faciəsinin dünya birliyi tərəfindən tanınması üçün yaradılan petisiyanı imzalamağa çağırmışdır.

24 fevral 2012-ci il tarixində Elmin İnkişafı Fondunun içraçı direksiyasında Xocalı faciəsinin 20 illiyi ilə əlaqədar “Ədalətsizliyə etiraz” adı altında anım tədbiri də keçirilmişdir. Tədbirdə Fondun icraçı direksiyasının əməkdaşları və dəvət olunmuş qonaqlar - millət vəkili, AMEA Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Fondun cari layihəsinin rəhbəri Yaqub Mahmudov və Azərbaycan Texniki Universitetində çalışan Qarabağlı alim, Fondun cari 2 layihəsinin (1-i beynəlxalq olmaqla) rəhbəri, texnika elmləri doktoru Valeh Baxşəliyev iştirak etmişlər.

Xocalı qurbanlarının xatırəsi birdəqiqəlik sükutla yad edilmişdir. Sonra Azərbaycan Respublikasınin Prezidenti İlham Əliyevin Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Azərbaycan xalqına 2012-ci il 23 fevral tarixli müraciəti bir daha səsləndirilmişdir.

Fondun içraçı direktoru Elçin Babayev çıxış edərək, xalqımızın tarixinə qanlı hərflərlə yazılmış Xocalı Soyqırımına dünya birliyi tərəfindən siyasi-hüquqi qiymət verilməsinin vacib olduğunu, Fondun fəaliyyətində bu istiqamətdə işlər görüldüyünü vurğulamışdır.

Professor Yaqub Mahmudov öz çıxışında Azərbaycan xalqının başına gəlmiş bu faciələrin köklərinin daha dərin tarixi keçmişdə olduğunu və Azərbaycana qarşı törədilən bu sistemli  soyqırım aktlarının əsrlər boyu davam etdiyini vurğulamışdır. Öz çıxışında tarixə geniş ekskurs edən professor Yaqub Mahmudov Azərbaycan xalqının bütün bu  hadisələrdən məğrur çıxdığını, ölkəmizin qüdrətli və güclü xarici siyasəti olan bir dövlətə çevrildiyini qeyd etmişdir: “Ən azğın qüvvələr bizə qarşı birləşsələr də, Azərbaycan dövləti yaşayır və yaşayacaq!”. Professor Valeh Baxşəliyev öz çıxışında ermənilərin törətdiyi Xocalı faciəsi ilə bağlı təəsürratlarını bölüşdürmüş, bu faciəni bəşəriyyətin həm mənəvi, həm cismani, həm də mədəni baxımdan ən amansız soyqırımlardan biri kimi qiymətləndirmişdir.

APA informasiya agentliyinin müxbiri Kəmalə Quliyeva da öz növbəsində bu hadisələrlə bağlı öz mövqeyini bildirmişdir.

Tədbir zamanı Xocalı faciəsini özündə əks etdirən film göstərilmişdir.

Mənbə: AZƏRTAC

 

HİKMƏTLİ SÖZLƏR