ENG

Elmin İnkişafı Fondunda ”Ümumdünya Elm Günü” ilə bağlı tədbir keçirilmişdir

Noyabr 10 2011

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direksiyasında keçirilən və UNESCO tərəfindən təsis olunmuş 10 noyabr Ümumdünya Elm Gününə həsr olunmuş tədbirdə elmi-tədqiqat proqramlarının, layihələrinin və digər elmi tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə Gənc alim və mütəxəssislərin ilk müsabiqəsinin (EİF/GAM-2011-2(4)) keçirilməsi haqqında elan olunmuşdur.

Müsabiqənin keçirilməsində məqsəd Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin 2011-ci il 6 aprel tarixli 1418 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı və bu Proqramın həyata keçirilməsi üzrə tədbirlər planının 6.3.2 bəndinə əsasən Azərbaycan Respublikasında təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental, tətbiqi və axtarış-innovasiya xarakterli elmi-tədqiqat proqram və layihələrini və digər elmi tədbirləri (bundan sonra - layihələr) dəstəkləmək, aktual və müasir elmi problemlərin həlli ilə məşğul olan gənc alimlərin, bir elmi mövzu (problem) ətrafında müvəqqəti yaradılmış gənc alimlərin yaradıcı kollektivlərinin, akademik və təhsil sistemlərində fəaliyyət göstərən elmi və digər qurumlarda (dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının və s.) çalışan gənc alim və mütəxəssislərin elmi  fəaliyyətini stimullaşdırmaq və onlara əlavə yaradıcılıq imkanı yaratmaqdır.

Müsabiqə fizika-riyaziyyat və texnika elmləri, Yer haqqında elmlər, biologiya, tibb və aqrar elmləri, kimya elmləri, humanitar və ictimai elmlər sahələrini əhatə etməklə fundamental, tətbiqi və axtarış-innovasiya xarakterli, həmçinin xüsusi layihələrin müxtəlif həcmli qrantlar vasitəsilə maliyyələşdirilməsini nəzərdə tutur. 2011-ci il üçün Gənc alim və mütəxəssislərin qrant müsabiqəsinin maliyyələşdirilməsinin həcmi 600 000 manatdır.

Xüsusi layihələr maddi-texniki təminat (cihaz, avadanlıq, qurğular və s.), elmi ekspedisiya və çöl işlərinin təşkili, ölkə daxilində və xaricdə qısamüddətli elmi təcrübəkeçmə, Azərbaycandan olan gənc alim və mütəxəssislərin xaricdə keçirilən nüfuzlu regional və beynəlxalq elmi tədbirlərdə iştirakının qismən və ya tam şəkildə maliyyələşdirilməklə təmin edilməsi, Azərbaycanda elmin inkişafı üçün mühüm əhəmiyyət kəsb edən elmi əsərlərin nəşrinin dəstəklənməsi, ölkənin sosial-mənəvi, elmi-texniki və iqtisadi inkişafı üçün xüsusi əhəmiyyət kəsb edən respublika, regional və beynəlxalq səviyyəli konfrans, simpozium, seminar və başqa elmi tədbirlərin Azərbaycan Respublikasında təşkili və keçirilməsini əhatə edir.

Müsabiqədə 35 yaşa qədər olan (layihə təqdim olunan gün) gənc alim və mütəxəssislər iştirak edə bilərlər. Müsabiqənin nəticələrinin Gənclər günündə - 2012-ci ilin 2 fevral tarixində açıqlanması planlaşdırılır. 

UNESCO tərəfindən təsis olunmuş 10 noyabr Ümumdünya Elm Gününə həsr olunmuş tədbirdə çıxış edən icraçı direktor Elçin Babayev və qrant layihələrinin idarə olunması üzrə baş məsləhətçi Ədilə Babayeva bu günün tarixindən danışmış, 2010-cu ildən etibarən Elmin İnkişafı Fondunda qeyd olunması ənənəsini qeyd etmişlər.

Tədbirə dəvət olunmuş tanınmış elmşünas alim, AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilov Azərbaycanda elmin inkişafı sahəsində mövcud vəziyyət, uğurlar və həllini gözləyən problemlərdən danışmışdır. Professor müəllifi olduğu “Elm haqqında elm” kitabını Fonda təqdim etmişdir. Tədbirdə iştirak edən gənc alim və mütəxəssislərin sualları cavablandırılmışdır.

Tədbir UNESCO-nun rəsmi internet səhifəsində qeydiyyatdan keçirilmişdir.

 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR