ENG

Elmin İnkişafı Fondu tərəfindən “Qrant layihələrinin idarə olunması və yerinə yetirilməsi üzrə Seminar və Təqdimat” keçirilmişdir

Sentyabr 12 2011

2011-ci il 12 sentyabr tarixində “Hyatt Regency” otelinin “Quba” zalında Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (bundan sonra – Elmin İnkişafı Fondu) tərəfindən “Qrant layihələrinin idarə olunması və yerinə yetirilməsi üzrə Seminar və Təqdimat” keçirilmişdir.

Tədbirdə Elmin İnkişafı Fondunun 2011-ci ilin 1-ci müsabiqəsinin qalibi olmuş 82 layihənin rəhbərləri, Fondun 2010-cu il üzrə 1-ci müsabiqəsinin qalibi olmuş və təqdimatı keçirilən bir neçə layihənin rəhbər və icraçıları, Fondun əməkdaşları, dəvət olunmuş qonaqlar və KİV nümayəndələri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev açaraq dövlət müstəqilliyinin 20 illiyini qeyd edən Respublikamızın bu illərdə Ümummilli Lider Heydər Əliyevin və ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi uğurlardan, inkişafın bütün sahələri kimi, elmin inkişafı istiqamətində də görülən çoxşaxəli və perspektivli işlərin effektivliyindən söz açmışdır. Elçin Babayev Elmin İnkişafı Fondunun 2009-cu ilin 21 oktyabr tarixində yaranmasından ötən müddət ərzində təşkilatlanma və qrant müsabiqələrinin təşkili və keçirilməsi sahısində əldə edilmiş nailiyyətlərdən, cari fəaliyyətdən və həllini gözləyən problemlərdən də danışmış, fəaliyyətin daima təkmilləşdirildiyini qeyd etmişdir.

Akademik Ramiz Mehdiyevin başçılıq etdiyi Himayədarlar Şurası Fondun fəaliyyətinin ən yüksək səviyyədə təşkilinə daim diqqət yetirir. Fondun fəaliyyəti tamamilə şəffafdır, bütün məlumatlar Fondun internet səhifəsində yerləşdirilir. Bütün layihələr qeyd-şərtsiz olaraq yerli və xarici müstəqil ekspertlərin iştirakı ilə gizli elmi ekspertizadan keçir, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyində və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınır. YUNESKO rəsmiləri 2010 və 2011-ci illərdə Bakıda olarkən Fondun fəaliyyəti ilə tanış olmuş, görülən işləri dəyərincə qiymətləndirmiş, yaxın zamanda Bakıda bir çox dünya ölkələrinin elm fondlarının rəhbərlərinin və təmsilçilərinin iştirakı ilə yüksək səviyyəli görüşün keçirilməsi ideyasını irəli sürmüşlər.

2011-ci ilin 1-ci müsabiqəsinin nəticələrinə toxunan Elçin Babayev 2010-cu illə müqayisədə qalib layihələrin sayının təqribən iki dəfə artdığını, təkcə elmin flaqmanı olan  Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) təşkilatlarının deyil, həmçinin universitetlərin, nazirliklər və digər qurumların nəzdində olan təşkilatların, bir QHT-nin də qaliblər sırasında olduğunu vurğulamışdır. 82 layihə pilot, fundamental-tətbiqi, axtraış-innovasiya, maddi-texniki təminat, elmi əsərlərin nəşri, ekspedisiya və çöl işləri, Azərbaycanda elmi tədbirin təşkili və keçirilməsi, xaricdə elmi tədbirdə iştirak xarakterli olmaqla qrantlar şəklində dəstəklənəcək. Bu müsabiqə üzrə maliyyələşdirilmə həcmi 6 milyon 600 min manat nəzərdə tutulmuşdur.

Layihə rəhbərləri və icracılarının statistikası göstərir ki, kişi/qadın nisbəti 56/44% kimidir, 46-55 yaş arası iştirakçılar çoxluq təşkil edir, gənclər isə (26-35 yaş arası) 3-cü yerdədir. Bu göstəricilər çox ümidvericidir. 3 pilot layihə (hər biri 1 milyon manatadək) biologiya, tibb və aqrar elmlərini, kimya elmlərini və yer haqqında elmləri əhatə edir və maddi-texniki bazanın ən müsair səviyyədə yenilənməsini nəzərdə tutur; elmi cihazlar, avadanlıq və qurğuların Yaponiya, Almaniya, ABŞ və digər ölkələrdən alınaraq quraşdırılması nəzərdə tutulub. Fundamental-tətbiqi və digər xarakterli layihələrin əksəriyyəti fizika-riyaziyyat və texnika elmləri sahəsindədir (32 layihə). Bu müsabiqədə kimya elmləri üzrə ümumi maliyyələşdirmə həcminin ən çox - 2 milyon 40 min manat olması heç də təsadüfi deyildir: bu il Beynəlxalq Kimya İlidir və bu fakt Elmin İnkişafı Fondunun prioritetlərində də öz əksini tapmışdır. Turizm ili əlaqəli ola biləcək böyük və maraqlı bir layihə Tovuz rayonundakı Göytəpə neolit dövrü arxeoloji abidəsi ilə bağlıdır və elmi tədqiqatlarla yanaşı, arexeoparkın yaradılmasını da nəzərdə tutur (layihə rəhbəri gənc alim Fərhad Quliyevdir). Ölkə başçısının 2011-ci il 7 iyul tarixli 1621 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi  ilə bağlı olaraq, bu ilin sonunadək Fond tərəfindən Gənc alimlər müsabiqəsi (35 yaşa qədər) də elan olunacaqdır.

Fond beynəlxalq əlaqələrə də xüsusi diqqət yetirir. Avropa Komissiyasının Tədqiqat və Texnoloji İnkişaf üzrə 7-ci Çərçivə Proqramı (FP-7) hüdudlarında Genişləndirilmiş Qara Dəniz Regionunda birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi üzrə müştərək pilot qrant müsabiqəsi (BS-ERA.NET) çağırışına Elmin İnkişafı Fondu da qoşulmuş, Azərbaycan alimləri 8 layihədə iştirak etmişdir (2 layihədə koordinator olmaqla). 11 ölkədən olan 55 layihə sırasından 11 layihə qalib olmuşdur. Qeyd etmək lazımdır ki, bu müsabiqədə Azərbaycandan olan bir layihə (koordinator qismində) də qalib olmuşdur (Almaniya - 2, Azərbaycan – 1, Bolqarıstan – 1, Rumıniya - 4, Yunanıstan - 3). Layihə Fond və İNTAS proqramı tərəfindən müştərək şəkildə maliyyələşdiriləcəkdir. Fransa Milli Elmi Tədqiqatlar Mərkəzi (CNRS) və Belarus Respublika Fundamental Tədqiqatlar Fondu ilə birgə qrant müsabiqələri elan edilməsi sahəsində əməkdaşlıq imkanları araşdırılır.

Seminarda qrant layihələrinin idarə olunması, layihələrin hüquqi qeydiyyatı və maliyyələşdirilməsinin həyata keçirilməsi üçün müvafiq sənədlər toplusunun hazırlanması, Elmin İnkişafı Fondu ilə layihə rəhbərləri arasında bağlanacaq müqavilənin şərtləri, maliyyə-hesabat məsələlərinin optimal həlli üzrə təqdimat keçirilmişdir. Fondun icraçı direktoru Elçin Babayev və Fondun əməkdaşları layihə rəhbərlərinin suallarını cavablandırmışlar.

Millət vəkili, AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, professor Gövhər Baxşəliyeva rəhbəri olduğu və Fond tərəfindən maliyyələşdirilən “Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən orta əsrlər və yeni dövr xəritələrinin axtarılması və surətlərinin ölkəmizə gətirilməsi” adlı layihənin yerinə yetirilməsi və layihə üzərində aparılan iş barədə danışmışdır.

Layihə çərçivəsində professor G.Baxşəliyeva və layihə icraçısı L.Əliyeva 2011-ci il 20 iyun-10 iyul tarixlərində İspaniya və Fransaya ezam olunub, bu ölkələrin bir sıra kitabxana və arxivlərində axtarışlar aparıb, yüzlərlə qədim xəritə və atlasları nəzərdən keçirərək, 80-dən çox xəritənin surətini çıxarıb, elektron variantını hazırlayıb, çəkilişlər aparıb. Xalqımızın tarixi coğrafiyasının öyrənilməsi üçün faydalı olan və Ermənistanın Cənubi Qafqaza gəlmə etnos olduğunu sübut edən bu xəritələr müstəsna əhəmiyyətə malikdir. Gətirilən bir çox mühüm sənədlər sırasında orijinalları Hamburq, Bolonya, Leyden, Paris, London, Berlin və Vyanada saxlanılan qədim ərəb və fars əlyazmaları var ki, Azərbaycana aid xəritələrin və onların Avropa alimləri tərəfindən hazırlanmış transkripsiyalarının fotosurətləri bunlarda əks olunub. X-XIII əsrin birinci yarısında tərtib olunan bu xəritələr Azərbaycanın tarixi əraziləri haqqında həqiqəti olduğu kimi əks etdirir.

Bu mövzu ətrafında millət vəkili, AMEA Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü professor Y.Mahmudov da çıxış etmişdir.

Tədbirdə Elmin İnkişafı Fondunun maliyyələşdirdiyi qrant yolu ilə nəşr olunmuş “Azərbaycanda qadınların reproduktiv sağlamlığının ətraf mühitin təsirindən asılılığı” monoqrafiyasının təqdimatı da keçirilmişdir.Layihə rəhbəri və monoqrafiyanın müəlliflərindən biri, tibb elmləri doktoru N.Kamilova, kitabın elmi redaktoru, biologiya elmləri doktoru V.Əlizadə çıxışlarında nəşrin əhəmiyyətindən danışmışlar.

Sonda layihə rəhbərlərini maraqlandıran suallar da cavablandırılmışdır.

 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR