AZE

Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunda üçtərəfli görüş keçirilmişdir

2004
A A A
September 17 2021

15 sentyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (SDF), AMEA İdarəetmə Sistemləri İnstitutu (İSİ) və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) arasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə üçtərəfli görüş keçirilmişdir. Görüşdə Elmin İnkişafı Fondunun rəhbərliyi, İdarəetmə Sistemləri Institutun və ICESCO-nun nümayəndələri iştirak ediblər.

İSİ-nin baş direktoru, akademik Əli Abbasov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın elmin inkişafına, gənc kadr potensialının artırılmasına, müxtəlif sahələrdə beynəlxalq əməkdaşlıqların qurulmasına mühüm töhfələr verdiyini qeyd edərək İslam ölkələri ilə əməkdaşlığın önəmini vurğuladı.

ICESCO-nun Elm və Texnologiyalar üzrə müşaviri Dr.Məhəmməd Şərif ICESCO-nun elm və təhsil sahəsində apaılan siyasətin istiqamətlərini, birgə əməkdaşlıq proqramları, elm və texnologiya sahəsində treninqlər, Azərbaycanın qabaqcıl ali təhsil müəssisələri ilə müştərək layihələr, müasir təhsil imkanlarından yararlanmaq üçün təqaüd proqramları və İSİ ilə gələcək əməkdaşlıq imkanları haqqında danışıb, institutda qonaq olmaqdan məmnunluğunu bildirərək texnologiya, elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın inkişaf etdiriləcəyinə əminliyini ifadə edib. 

Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Mehriban İmanova Fondun fəaliyyətinin əsas istiqamətləri, qrant layihələri, həmçinin xarici ölkələrin də elm və təhsil müəssisələrinin iştirak etdiyi layihələrdən və əldə olunan nəticələr barədə məlumat verdi. Sonra icraçı direktor beynəlxalq əməkdaşlıq çərçivəsində üzv ölkələrlə birgə layihələrin həyata keçirilməsi üçün ICESCO ilə müvafiq əməkdaşlıq sazişinin müzakirə olunmasını təklif etdi.

Sonda akademik Əli Abbasov İdarəetmə Sistemləri İnstitutu, ICESCO, Elmin İnkişafı Fondu və “SİNAM” şirkəti tərəfindən birgə maliyyələşdirilə bilən elmi-tədqiqat layihələrinin hazırlanmasını, tələb olunan uyğun institut və müəssisələrdə müzakirə olunmasını və müvafiq qərarların qəbul edilməsini təklif etdi.

 

Elmin İnkişafı Fondunun mətbuat xidməti

 

WISE WORDS